Son günlərini yaşadığımız 2022-ci ildə “Qəbələ” İdman Klubunun futbol komandaları yaşıl meydanlarda, digər növlər üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb.
Sportarena.az xəbər veri rki, klubun idmançıları bu ili də bir sıra nailiyyətlərlə yekunlaşdırıblar. “Qırmızı-qaralar” komanda və fərdi yarışlardakı uğurları ilə azarkeşlərinə sevinc bəxş ediblər.
“Qəbələ” İK-in rəsmi saytı 2022-ci ilin ən yaddaqalan 12 məqamını açıqlayıb:
1. Yenidən “Top-4”də
“Qəbələ” Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü 4-cü pillədə başa vurub. Bununla da komanda iki illik fasilədən sonra çempionatın ən güclü 4 kollektivi sırasına düşüb. 2018/19 mövsümündən sonra ilk dəfə turnir cədvəlinin birinci yarısında qərarlaşan “qırmızı-qaralar” bununla da avrokuboklara vəsiqə qazanıb. “Qəbələ” 4-cü yerin sahibi kimi Konfrans Liqasına yüksəlib.
2. Yarımfinaldan yarımfinala
“Qəbələ” Azərbaycan kubokunun 2021/22 mövsümünü yarımfinalda “Qarabağ”a uduzaraq başa vurub. 2022/23 mövsümünün 1/4 finalında eyni rəqiblə üz-üzə gələn “Qəbələ” revanş alaraq yenidən yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcək “qırmızı-qaralar” son 8 ildə 7-ci dəfə yarımfinalçılar arasında yer alıb.
3. “Qəbələ”dən iki çempionluq
“Qəbələ” Futbol Akademiyasının komandaları ölkə çempionatlarında daha iki çempionluq yaşayıb. U-19 və U-17 AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2021/22 mövsümünün qalibi olub. Klubun təmsilçiləri ümumilikdə üç medal qazanıblar. Çempion olan U-19 və U-17 kimi, U-15 də ili mükafatçılar sırasında başa vurub. Bu komanda bürünc medala sahib çıxıb.
4. Yenə Gənclər Liqasında
“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” tarixində 5-ci, ardıcıl 4-cü dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. “Qəbələ” mübarizə apardığı Çempionlar yolunda Xorvatiya təmsilçisi “Hayduk”la üz-üzə gəlib. Komanda mərhələ adlaya bilməsə də, güclü rəqiblə qarşılaşmada mübarizə əzmi ilə diqqət çəkib.
5. Konfrans Liqasında debüt
“Qəbələ” iki illik fasilədən sonra avrokubokların iştirakçıları sırasına qayıdıb. 6 dəfə Avropa Liqasında mübarizə aparan “qırmızı-qaralar” Konfrans Liqasında debüt edib. Macarıstanda “Fehervar”a uduzan Elmar Baxşıyevin yetirmələri ev görüşündə qələbə qazanmağı bacarıb. Amma komanda matçı əlavə vaxta daşıya bilməyib.
6. Rafael Ağayevdən yeni titul
Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev növbəti titulunu qazanıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı “Karate Combat”da çempionluq kəmərinə yiyələnib. O, titul görüşündə ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.
7. İslam Həmrəyliyi Oyunlarında dörd medal
“Qəbələ” idmançıları 5-ci İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıblar. Türkiyənin Konya şəhərində keçirilən yarışda cüdoçu İmran Yusifov çempion olub. +100 kq çəkidə çıxış edən idmançı Azərbaycanın kişilərdən ibarət milli komandasının heyətində uğura imza atıb. Taekvondoçu Cavad Ağayev gümüş medal qazanıb. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı yalnız finalda uduzub. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qardaş ölkədə 3-cü yeri tutub. Bürünc əldə edən heyətdə “Qəbələ”nin iki oyunçusu – İbrahim Ramazanov və Mehrac Baxşalı da yer alıb.
8. Titulunu qorudu, UFC-də debüt etdi
Nəriman Abbasov “AMC Fight Nights”ın çempionu titulunu qoruyub. O, Rusiyanın paytaxtı Moskvada Marif Pirayevlə qarşılaşıb. Yüngül çəkidə çıxış edən 28 yaşlı idmançı rəqibi üzərində inamlı qələbə qazanıb. Bu uğurlardan sonra UFC-dən təklif alan Abbasov nüfuzlu döyüş təşkilatı ilə müqavilə imzalayıb. O, burada debüt döyüşünü də keçirib.
9. Dünya üçüncüsü
Cavad Ağayev dünya çempionatının bürünc medalını qazanıb. Taekvondoçu Meksikanın Qvadalaxara şəhərində keçirilən yarışda fərqlənib. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev yarımfinala qədər irəliləyib. Finalın bir addımlığında büdrəyən idmançı dünya üçüncüsü olub.
10. Avropa gümüşü
Karate üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazanıb. “Qəbələ”nin üzvləri Rafael Ağayevlə Rafiz Həsənov da millinin heyətində olub. Onlar Türkiyənin Qaziantep şəhərində keçirilən 57-ci qitə çempionatında uğura imza atıblar.
11. Yeni tərəfdaşlar
“Qəbələ” İdman Klubu yeni tərəfdaşlarla anlaşıb. Yanvarda “West Hospital” klinikası ilə tibbi tərəfdaşlıq müqaviləsi imzalanıb. Tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub. Klub martda “Kəhriz Su” ilə əməkdaşlığa da başlayıb. Şirkətlə su tərəfdaşlığı barədə razılaşma 2022/23 mövsümünün sonunadək qüvvədə olacaq. Avropanın innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən “Blocksport” ilə müqavilə oktyabrda imzalanıb. Bu tərəfdaşlıq 3 ili əhatə edəcək.
12. Mükafatçılar
“Qəbələ”nin fərdi idman növlərində çıxış edən təmsilçiləri Azərbaycan çempionatlarında da uğurla çıxış edib. Namiq Yarəliyev (54 kq) və Kamran Şahsuvarlı (80 kq) kişi boksçuların yarışında gümüş medala yiyələnib. Məhsəti Həmzəyeva (57 kq) qadın əlcək sahibləri arasında ölkə çempionu olub. Gənc boksçuların yarışında isə Fərhad Şeydayev (75 kq) qızıl, Ramal Yolçuyev (48 kq) gümüş əldə edib. Kikboksçulardan Alim Nəbiyev (81 kq) “Full Contact” versiyası, Əbdülhüseyn Qurbanov (+91 kq) gənclər və yeniyetmələr arasında ölkə çempionu olmağı bacarıb. Klubun cüdoçusu Tamerlan Cabbarov (90 kq) 18 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionu adını qazanıb. Rəşad Veysəlov (57 kq) 15 yaşadək yeniyetmə sərbəst güləşçilər arasında ölkənin ən güclüsü olub.