“Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik” - Tahir Gözəl

19:25 3 Yanvar 2023

“Kadini satmaq istəmirik, amma qaydalara görə o pulu ödəyəcək kluba da yox deyə bilmərik”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl klubun saytına müsahibəsində deyib.

 

Tahir Gözəl Rusiyanın “Krasnodar” klubuna transfer edilməsi gözlənilən braziliyalı futbolçuları Kadi Borqeslə bağlı son duruma aydınlıq gətirib:

“Bu gün qürurla deyirik ki, “Qarabağ”ın futbolçularına böyük diqqət var. Son günlərin əsas mövzusu Kadi Borqesin transferidir. Bəli, Kadi bizim üçün dəyərli futbolçudur. “Qarabağ”ın gücünə güc qatıb. Mən sizə sual verəcəyəm? Kadini kim tanıdıb? Əlbəttə ki, “Qarabağ”! Azarkeşlərin narahatlığını çox gözəl başa düşürəm. Amma biz artıq başqa səviyyəyə keçmişik. Əvvəlcə ardıcıl uğurlu nəticələr gəldi. Şükürlər olsun ki, bu davamlı oldu. İndi strategiyamıza daha bir iş əlavə olundu. Uğurlu nəticələrlə yanaşı, digər liqalardan, eyni zamanda, Azərbaycanımızdan gənc perspektivli futbolçular tapıb, onları üzə çıxarmaq. Texniki heyətin, xüsusən də, skautlarımızın, klubda buna cavabdeh olan şəxslərin işi ön plana çıxır. Kadi buna ən böyük nümunədir. Klub rəhbəri olaraq sevinirəm ki, “Qarabağ”ın çox yaxşı skaut komandası var. Onlar ilboyu futbolçuları izləyirlər və bizə uyğun olanları Qurban hocaya təqdim edirlər. Baş məşqçimizin seçdiyi futbolçuların transfer çalışmalarını klubun cavabdeh əməkdaşları həyata keçirir. Burada Qurban Qurbanovun onları komandaya, öz oyun sisteminə uyğunlaşdırmasını, Azərbaycan futboluna qazandırmasını da vurğulamalıyam. Kadinin inkişafında, onun dəyərinin bu qədər qalxmasında hocamızın zəhməti çox böyükdür. Portuqaliya 2-ci liqasını tərk etmiş klubdan futbolçu transfer ediləndə, bu birmənalı qarşılanmadı. Amma Kadi “Qarabağ”da tanındı, parladı”.

 

“Qarabağ”ın prezidenti əlavə edib ki, Kadi üçün mövsümün əvvəlində də təkliflər alıblar:

“Sizə bir sirr açım. Kadi əslində mövsümün əvvəlində “Qarabağ”dan gedə bilərdi. Ona çox cəlbedici təkliflər var idi. Biz onu klubda saxlamağı bacardıq. Aldığı məvacibi 4-5 dəfə artıraraq Kadi ilə yeni müqavilə imzaladıq. Onun müqaviləsinə Kadinin meneceri, hüquqşünası və biz də klub olaraq xüsusi həssaslıqla yanaşdıq. Müqavilədə belə bir bənd əlavə olundu ki, böyük məbləği ödəyən klub Kadini transfer edə bilər. Təklif edən klublar arasında bu məbləği ödəməyə hazır olanlar da var. Bu, bizim uğurumuzdur. Kadi rahatlıqla komandanı tərk etməsin deyə məbləği böyük olaraq razılaşdırdıq. Bilirdik ki, futbolçumuz bu oyunu ilə daha yaxşı təkliflər alacaq. Kadi transferi baş tutsa, bu, Azərbaycan futbol tarixinin ən böyük keçidi olacaq. Biz Kadini satmırıq. Klub o zaman “futbolçunu satırıq” deyir ki, ondan razı deyil və futbolçunu transferə çıxarır. Lakin elə məsələlər var ki, qaydalardan kənar çıxa bilmərik. Bir az əvvəl də qeyd etdiyim kimi, biz onunla yeni müqavilə imzalayanda müəyyən bəndlər əlavə edildi. Futbolçu ilə, xüsusən cəlbedici təkliflərin olduğu bir futbolçu ilə müqaviləni uzatmaq asan iş deyil. Hər xırda detal müzakirə edilir, dəfələrlə ölçülür, biçilir. Kadinin müqaviləsində sərbəst qalma məbləğinin olması dünya təcrübəsində də olan məsələdir. Onlarla belə misal çəkmək olar. Azərbaycan təmsilçisinə bir futbolçuya görə bu qədər məbləğ ödəməyə hazır olanlar varsa, deməli, bu, “Qarabağ”ın klub olaraq artıq başqa səviyyəyə qalxdığını göstərir.

 

T. Gözəlin sözlərinə görə, Kadi transferi baş tutsa, bu, təkcə “Qarabağ”a deyil, Azərbaycanın digər klublarına da inamı artıracaq:

"Azərbaycanda transfer bazarına inam yaranacaq. Eləcə də Azərbaycana gəlmək istəməyən futbolçularda da inam olacaq. “Qarabağ”da oynayaraq, özümü sübut edib, daha böyük məbləğə transfer oluna bilərəm” fikri formalaşacaq. Gəlin, etiraf edək ki, əvvəllər buna inam yox idi. Amma indi fikir dəyişəcək. Bütün klublarımıza yeni fürsətlər imkanı olacaq. Klublarımıza əlavə gəlir üçün qapılar açılacaq. Kadinin keçidi reallaşsa, əldə olunacaq gəlir birmənalı olaraq yeni transferlərə xərclənəcək. Biz güclənməliyik. Həm uğurlu nəticələrin davamlı olması üçün çalışmalı, həm də yeni kadilər üzə çıxarmalıyıq”.

 

Azərbaycan çempionunun rəhbəri yeni transfer məsələlərində bütün səlahiyyətlərin baş məşqçi Qurban Qurbanova məxsus olduğunu deyib:

“Biz ona hər zaman olduğu kimi, dəstək olacağıq. Onun seçdiyi futbolçulara güvənirik. Yeni transferlərlə bağlı çalışmalar hər zaman gedir”.

 

Ağdam təmsilçisinin prezidenti 2022-ci ili də dəyərləndirib. O, unudulmaz il keçirdiklərini söyləyib:

“2022-ci il komandamız üçün tarixi il oldu. İlin əvvəlində Azərbaycan futbolunda yeni tarix yazdıq. İlk dəfə olaraq Azərbaycan komandası – bu sözü fəxrlə deyirəm, özü də Qarabağ adını daşıyan komanda avrokuboklarda baharı gördü. Əvvəl dekabrda mübarizəni başa vururduqsa, bu il pley-off oynadıq. Güclü, tarixi olan “Marsel”lə qarşılaşmalarda rəqibdən çəkinmədik. Bütün Avropa futbolsevərləri bizdən danışdı. Hocamız Qurban Qurbanovun həmin matçlardakı feyr-pley addımı isə hər yerdə nümunə göstərildi. 2022-ci ildə çempion olduq, kuboku qazandıq. Çempionlar Liqasında ilk mərhələdən başlayaraq sanki pley-off oynadıq. İlk dəfə idi ki, ardıcıl olaraq bu qədər güclü rəqiblərlə üz-üzə gəldik. Çempionlar Liqasının pley-offda da olsa, himni səsləndi. Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdik. Aşkar favoritlərin olduğu qrupdan çıxmağı bacardıq. Bütün bu nəticələrə baxanda 2022-ci ili klub tarixinin ən möhtəşəm illərindən biri hesab edə bilərəm”.

 

Türkiyəli futbol funksioneri geridə qalan ildə avrokubok matçlarının onun üçün yaddaqalan olduğunu bildirib:

“Bütün oyunlar yaddaqalan idi. İstər “Lex”lə, istər “Sürix”lə, istərsə də “Ferentsvaroş”la. Həmçinin qrupda keçirdiyimiz oyunlar. Amma, şübhəsiz ki, ən yaddaqalan oyun Fransa təmsilçisi “Nant” üzərində qazandığımız 3:0 hesablı qələbə idi. Bu görüşə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin biganə qalmaması, onun qələbə sevincini yaşayaraq, paylaşdığı “tvit” ən unudulmaz an idi”.

 

T. Gözəl sonda 2023-cü illə bağlı gözləntilərini də açıqlayıb:

“İlk olaraq “Gent”lə oyunlarda komandamızdan uğurlu oyun və nəticə gözləyirəm. Ümid edirəm ki, Azad Qarabağın təmsilçisi “Qarabağ“ daha bir tarix yazacaq. Daha sonra uğurlarımızın davamlı olmasını arzu edirəm. Fürsətdən istifadə edib Dünya Azərbaycanlıların Həmrəyliyi Gününü təbrik edirəm. Biz 44 günlük savaş zamanı Ali Baş Komandanımızın ətrafında bir olduq, həmrəy olduq. Ötən il xalqımız avrokubok oyunlarında bizimlə həmrəy idi. Onların dəstəyini hiss etdik. Bu birliyi yeni ildə də görəcəyimizə əminəm. Azərbaycan xalqına 2023-cü ildə əmin-amanlıq, firavan həyat, xoşbəxtlik arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti