Yanvarın 5-dən etibarən təlim-məşq toplanışa başlayan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla davam etdirir.
Sportarena.az xəbər verir ki, komandanın hazırlığı ilə bağlı baş məşqçi Ağatahir Əzimov Futzal Federasiyasının rəsmi saytına bunları deyib:
“10 günlük toplanış müddətində əvvəlcədən də planlaşdırdığımız kimi, fiziki hazırlığa daha çox yer ayırmışıq. Əsas millinin və “Araz Naxçıvan” klubunun fiziki hazırlıq üzrə məşqçisi Cordan da bu işdə bizə kömək edir. Əsasən zal şəraitində hazırlıq keçirik. Məşqçinin tövsiyəsi ilə elə təmrinlər, tapşırıqlar verilir ki, oyunçular bir qədər güc toplasınlar. Hazırlıq prosesinin gedişi də göstərir ki, buna ehtiyac var, uşaqlar fiziki güc baxımından çox zəifdirlər. Məşqlərdən sonra əzələləri ağrıyır, əksəriyyəti elə bilir zədə alıb. Çalışırıq ki, bu toplanışda uşaqlar fiziki güc baxımından artırsınlar. Oyunçunun gücü olduqdan sonra digər tapşırıqların icrası çətinlik yaratmayacaq”.
Baş məşqçi hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığın planlarına heç bir təsirinin olmayacağını bildirdi:
“Cordan məşqləri idman və fitnes zalında keçir. Onlar da qapalı olduğuna görə, narahat olmağa ehtiyac yoxdur. Əslində, mən fikirləşirdim ki, fiziki hazırlıq üzrə tapşırıqları stadionda keçərik, lakin məşqçimizin metodu fərqli olduğuna görə, buna lüzum olmadı”.
Əzimov hansısa səbəbdən nəzərdə tutduğu oyunçulardan kənarda qalan olmadığını da açıqlayıb:
“Hazırlığa 18 futzalçını cəlb etmişik. Seçim bununla yekunlaşmır. Seleksiya işlərimiz davam edir. Daha güclü oyunçu tapsaq, cəlb edəcəyik. Hələlik əlimizdə olanlar arasında ən yaxşıları seçmişik. Nəzərdə tutduğum oyunçular arasında hansısa səbəbdən kənarda qalanı olmayıb”.
Mütəxəssis arxada qalan 3 günlük məşq prosesini də dəyərləndirib:
“Uşaqlara yükləmələr verilir. Əzələləri ağrısa da, bu, normal prosesdir. Çünki əksəriyyəti karyerasında ilk dəfədir ki, təlim-məşq toplanışında iştirak edir. Ona görə çətinlik çəkirlər. Tədricən hər şey qaydasına düşəcək”.
Baş məşqçi Avropa çempionatı öncəsi daha bir toplanışın təşkil olunacağını, mart ayında baş tutacaq həmin hazırlıq proses zamanı yoldaşlıq oyunları keçirməyi də nəzərdə tutduqlarını vurğulayıb.
Xatırladaq ki, millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində Bosniya və Herseqovina, Fransa və Yunanıstanla eyni qrupda mübarizə aparacaq. Oyunlar martın 21-dən 26-dək Bosniya və Herseqovinada keçiriləcək və yalnız qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.