“Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər” – Laporta

22:04 8 Yanvar 2023

“Barselona”nın prezidenti Xuan Laporta Avropa Super Liqası ilə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yazda Super Liqa ilə bağlı yenidən müzakirələr aparılacağını və qərar veriləcəyini bildirib.

 

Laporta layihənin 2025-ci ildə gerçəkləşə biləcəyini deyib:

“Dəyişdirmək istədiyimiz yeganə şey idarəetmə modelidir. O, klublara məxsus olmalıdır, amma UEFA başqa tərəf kimi danışıqlar masasına otursun. Qərar müsbət olarsa, o zaman Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”.

 

“Barselona”nın prezidenti İngiltərə Premyer Liqası ilə mübarizə apara biləcək Avropa turniri yaratmaq istədiklərini bildirib:

“Biz İngiltərə klublarının Super Liqaya qatılmasını istəyirik, amma ilk mərhələdə bunu edəcəklərini düşünmürük. Mən ölkə çempionatlarının tərəfdarıyam, amma şəxsi fikrimcə, ikinci mərhələdə Premyer Liqa ilə Super Liqanın birləşməsi maraqlı olar”.

 

Laporta İspaniya La Liqasının prezidenti ilə bağlı da fikirlərini səsləndirib:

“Xavyer Tebasla şəxsi münasibətim yaxşıdır. Lakin o, “Barselona” kimi klubların fəaliyyətini dayandırmaqdansa, futbol televiziyasının itirdiyi 1,5 milyon tamaşaçının geri qayıtmasından daha çox narahat olmalıdır”.

 

Qeyd edək ki, 2021-ci il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.


Digər xəbərlər

Xəbər xətti