Azərbaycan çempionatının oyunu kütləvi yoluxmaya görə təxirə salındı

18:49 11 Yanvar 2023

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan “Murov” – UNEC oyunu təxirə salınıb.

 

Sportarena.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qonaq komandanın heyətində bir neçə voleybolçunun xəstələnməsi səbəb olub.

 

Yaranmış vəziyyətlə bağlı federasiyaya müraciət ünvanlayan klub 8 oyunçunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyini və bir neçə gündür məşq etmədiyini əsas gətirərək, yanvarın 13-də təşkili nəzərdə tutulan qarşılaşmanın başqa tarixə təyin olunmasını xahiş edib. Müraciəti müsbət cavablandıran federasiya rəhbərliyi qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

 

Beləliklə, yanvarın 13-də yalnız “Azərreyl” – “Abşeron” oyunu baş tutacaq. Həmin görüş saat 16:00-da start götürəcək.


Xəbər xətti