Afrika Millətlər Kuboku qalmaqalla başlayır

11:14 13 Yanvar 2023

Bu gün Əlcəzairdə Afrika Millətlər Kubokuna start veriləcək.

 

Sportarena.az xəbər verir ki, 18 ölkənin iştirakı ilə təşkil olunan turnirin açılış matçında meydan sahibi Əlcəzair yığması Liviya ilə üz-üzə gələcək.

 

2009-cu ildən təşkil olunan Afrika Millətlər Kuboku ilk dəfə Əlcəzairdə keçirilir. Qitə birinciliyinə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

 

Budəfəki turnirdə Əlcəzair və Liviya yığmaları ilə yanaşı, Mavritaniya, Seneqal, Mali, Fil Dişi Sahili, Qana, Niger, Konqo Demokratik Respublikası, Kamerun, Efiopiya, Sudan, Anqola, Uqanda, Madaqaskar, Mozambik və Mərakeş yığmaları iştirak hüququ qazanıblar. Lakin Qətərdəki dünya çempionatında sürpriz nəticələri ilə özündən söz etdirən Mərakeş yığması Afrika Millətlər Kubokunda iştirak etməyəcək. Buna yığma komandanın siyasi səbəblərə görə Əlcəzairə yollana bilməməsi səbəb olub. Belə ki, yerli “Royal Air Maroc” aviaşirkəti ölkələr arasındakı siyasi gərginliyə görə Əlcəzairə uçmaqdan imtina edib.

 

Xatırladaq ki, siyasi səbəblərə görə Əlcəzairlə Mərakeş 2021-ci ildən etibarən qarşılıqlı olaraq hava sahələrini mülki və hərbi uçuşlar üçün bağlayıblar.

 

Sonda onu da qeyd edək ki, Əlcəzairdəki turnirdə Afrika Millətlər Kuboku tarixində ilk dəfə VAR sistemindən istifadə olunacaq.


Digər xəbərlər

Xəbər xətti