“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Medz Leqnisa” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Sportarena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra klubun televiziyasına açıqlamasında bunları söyləyib:
“Nəticə önəmli deyil. Addım-addım çalışırıq ki, zədəli oyunçuları bərpa edək. İstəyirik ki, komandanı ilk rəsmi oyuna hazır edək. Zədəlilərin qayıdışına görə çox xoşbəxtəm. Onlara kömək etməliyik ki, qayıtsınlar və komandanın ritminə uyğunlaşsınlar. Sezar Meza Kolli uzun müddət idi oynamırdı. Hazırda ağrısızdır. Düşünürəm ki, gələcəkdə problem olmayacaq. Voyislav Stankoviçin də müalicəsi bitib və bizimlədir. Problemlərimiz var. İnanıram ki, getdikcə daha yaxşı olacağıq”.
Regekampf Premyer Liqanın 19-cu turunda “Sabah”a qarşı keçirəcəkləri oyun haqda da danışıb:
“Ümid edirəm ki, bütün oyunçular bu matça qədər hazır olar. Bu, asan olmayacaq. Məşqlər bizim üçün önəmlidir. Yoxlama oyunlarının nəticəsinin əhəmiyyəti yoxdur. Bilirəm ki, “Sabah”la oyun çətin olacaq. Mənim üçün önəmli olan təlim-məşq toplanışını zədəsiz bitirməkdir”.