Azərbaycanın iki boksçusu ilin ilk beynəlxalq yarışında finala yüksəlib

13:24 18 Yanvar 2023

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kubokuna start verilib.

 

Sportarena.az xəbər verir ki, ilin ilk beynəlxalq turnirinin birinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Komandanın 3 boksçusu rinqdən qələbə ilə ayrılıb. Yarımfinal çərçivəsində macarıstanlı Patrisiya Petrimanla üz-üzə gələn Banuçiçək Nəsirli (46 kq) rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 29:27) hesabı ilə məğlub edib. Yeniyetmələr arasında mübarizə aparan Nəsrli finalda Roksana Talpasla (Macarıstan) döyüşəcək. Görüş yanvarın 21-də olacaq.

 

Gənclər arasında qüvvəsini sınayan Lalə Mədətova (48 kq) da mərhələ adlayıb. O, finala gedən yolda Briana İonitadan (Rumıniya) üstün olub – 3:2 (29:28, 28:29, 30:27, 28:29, 29:28). Mədətova yanvarın 19-da baş tutacaq həlledici görüşdə komanda yoldaşı Aysu İsmayılovaya qalib gələn rumıniyalı Mihaela Badesku ilə üz-üzə gələcək.

 

52 kq çəkidə çıxış edən Aynur Mikayılova da ilə qələbə ilə başlayıb. O, 1/4 finalda macarıstanlı Laura Horvatı 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Mikayılova yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkəcək.

 

Digər gənc boksçu Nərmin Əlizadə (50 kq) yarımfinalda Sanya Mitiçlə (Serbiya) qarşılaşıb və rəqib mərhələ adlayıb. Nəticədə o, yarışı bürünc medalla bitirib.

 

Qeyd edək ki, 13 ölkədən 100-dən çox boksçunun qatıldığı Millətlər Kubokunun ikinci günü Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə başlayacaq.


Digər xəbərlər

Xəbər xətti