Rusiya "Ximki"sinin böyük məşqçisi Rinat Bilyaletdinov komandanın futbolçusu Ayaz Quliyevlə baş məşqçi Spartak Qoqniyev arasındakı insidentə aydınlıq gətirib.
Sportarena.az xəbər verir ki, 66 yaşlı mütəxəssis "Sport-Express" nəşrinə açıqlamasında heç bir münaqişənin baş vermədiyini söyləyib.
Veteran futbolçu bildirib ki, dava-dalaş xəbəri kimlərinsə təxəyyülünün məhsuludur: "Bizim normal iş prosesimiz var. Nə mənim, nə də məşqçilər korpusunun Ayazdan narazılığı var. Biz təkcə onunla yox, digər futbolçularla da işləyirik. Məşqçi ilə futbolçu arasında işgüzar söhbət oldu və bununla da bitdi. Burada müzakirə ediləcək başqa bir şey yoxdur".
Qeyd edək ki, daha əvvəl yerli mətbuat tərəflər arasında münaqişə olduğunu və hətta Ayaz Quliyevin baş məşqçini təkbətək söhbətə çağırdığını yazıb.