"Komandaya daha 2 yeni futbolçu cəlb olunacaq" - Laurentsiu Regekampf

22:24 19 Yanvar 2023

Komandaya daha 2 yeni futbolçu cəlb olunacaq".

 

Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Antalya şəhərində Serbiyanın "Srvena Zvezda" komandasına 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

 

48 yaşlı mütəxəssis bildirib ki, transfer siyahısında daha bir vinger və hücumçu var:

"Qarşıdakı günlərdə onların da keçidini bitirəcəyimizə ümid edirik. Eyni zamanda, əlimdə olan bütün futbolçuları çempionata 100 faiz hazırlamaq istəyirəm".

 

O, yeni transferlər - Höccət Haqverdi ilə Kilan Lebonun komandaya kömək edəcəklərinə inandığını söyləyib:

"Bu gün bizə yeni futbolçu qoşulub. Düşünürəm ki, yaxşı oyunçudur. Son 6 ay ərzində yaşadığımız çətinliyi aradan qaldıracaq. Bizə irəlidə top istəyən futbolçu lazım idi. İnanıram ki, bunun öhdəsindən gələcək. Höccət elə futbolçudur ki, onun da bizə çox köməyi dəyəcək".

 

Yusuf lavalın gedişinə də toxunan rumıniyalı baş məşqçi futbolda bu cür halların baş verməsini normal qəbul etdiyini vurğulayıb:

"Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Sözləşməsini yeniləməyə çalışdıq. Amma yeni çağırış istəyirdi. Portuqaliya klubundan gələn təklifi dəyərləndirməyə qərar verdi. "Lazımi mövqeləri gücləndirməliyik. Lavalın gedəcəyi ağlıma belə gəlməzdi. Amma indi bu barədə düşünmək istəmirəm. Onun mövqeyinə elə oyunçu gətirməliydik, boşluğunu doldursun. Laval ailəmizin bir üzvü idi, yeni karyerasında uğurlar arzulayırıq. İnanıram ki, Portuqaliyada böyük oyunlar göstərəcək və yaxşı çıxış edəcək".

 

Regekampf qarşıdakı 6 ayda yaxşı komanda qurmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiklərini bildirib:

"Təlim-məşq toplanışında neqativ məqamlar da olur. Amma indi bu barədə danışmaq istəmirəm. Bəzi oyunçularda mikro-zədələr oldu. Onların hamısından eyni vaxtda məşqlərdə istifadə bilmirdik. Buna baxmayaraq, böyük təcrübəyə və keyfiyyətə malikdirlər. Ümid edirəm ki, ilk rəsmi oyunumuzda formalarının pik nöqtəsində olacaqlar və qələbə qazanmağımıza kömək edəcəklər".

 

O, "Srvena Zvezda" ilə yoldaşlıq oyununu zədəsiz bitirdikləri üçün sevincini gizlətməyib:

"İlk dəfə idi ki, Ataa Caber və Emin Mahmudov birlikdə oynadılar. Mahmudov 3 gündür məşq etmirdi. Hər ikisi matçı zədəsiz bitirdi. "Sabah"la matça kimi bir neçə günümüz qalıb. Çox yaxşı hazırlaşmalıyıq. Nikbinəm, çünki bütün futbolçular sərəncamımdadır. Sadəcə, Eddi İsrafilov üçün darıxırıq. Qarşıdakı 2-3 rəsmi oyunda bizimlə olmayacaq. Ümid edirik ki, tezliklə komandaya qoşulacaq".

 

Hazırlıq prosesini də dəyərləndirən mütəxəssis yoxlama görüşlərindəki rotasiyaların səbəbini açıqlayıb:

"Bugünkü matçı çıxmaq şərtilə, əvvəlki oyunlarda orta xətdə oynatmağa futbolçum yox idi. Bəzən bu cür dəyişikliklərin komandaya xeyri olur. Hamısı təcrübəli futbolçudur. Fərqli mövqelərdə oynamağa öyrəşməlidirlər. Toplanışda yerli gənclərə çox şans verdik. Onların inkişaf etdiiyni düşünürəm. Müsbət məqamlardan biri Sezar Meza Kollinin zədədən qaıytmasıdır. Vato Arveladzeni da qeyd edə bilərəm. Son iki matçda az da olsa oynaya bildi. Komandanı addım-addım düzəltməyə və yaxşı kollektiv yaratmağa çalışırıq. Gəncləri gələcək oyunlara hazırlayıram. Onlara şans verdikdən sonra inkişafı görürük. Ümid edirəm ki, hər gün yeni şeylər öyrənəcəklər".

 

Regekampf heyətdəki problemlərdən də söz açıb:

"Fikrimcə, oyunçularımız hazırdırlar. Amma hər gün nəsə baş verir. Azər Salahlı xəstələndi. Emin Mahmudovda xırda problem var idi, sonradan böyüdü. Eyni sözləri Eddi İsrafilov haqqında deyərdim. Əsas oyunçuları digərləri ilə əvəzləmək asan deyil. "Şamaxı" ilə matçdan sonra dediyim kimi, komandanı kökündən dəyişməyə ehtiyac yoxdur. Əsas məqsədimiz sabit oynamaq və ailə olmaqdır".

 

Baş məşqçi bu mövsümdəki məqsədlərinin ölkə kubokunu, əsas hədəflərinin isə çempionluğu qazanmaq olduğunu əlkavə edib:

"Kubokda şansımız yüksəkdir, çünki iddialılar uduzublar. Qalan komandalara da hörmətlə yanaşırıq. Asan olmayacaq".


Digər xəbərlər

Xəbər xətti