Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi DÇ-2022 barədə danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Qətər üçün darıxdığını dilə gətirib:
“Qazandığımız qələbədən artıq bir ay keçib. Mən hələ də inana bilmirəm ki, biz dünya çempionu olmuşuq. Bütün komanda üzvlərinin arzuladığı kuboku başımız üzərinə qaldıranda hansı hisləri keçirdik? Bu, əsl dəlilik idi. Əlbəttə, çempion tituluna yiyələnmək çox gözəldir. Qətərdə çox gözəl zaman keçirdik. Orada olan xatirələrim üçün darıxıram. Bizim üçün unudulmaz təcrübə idi.
Həm Argentinada, həm Qətərdə, həm də başqa ölkələrdə bizi dəstəkləyən azarkeşlərin olduğunu bilmək çox yaxşıdır. Uca tanrıya təşəkkür edirəm ki, kuboku qazanmaqda bizə kömək oldu. İnanırdım ki, biz qalib olacağıq. Artıq bir ay keçib. Biz dünya çempionuyuq”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Messi DÇ-2022-də 7 qol vurub və 3 məhsuldar ötürmə edib.