Keçmiş futbolçu Gennadi Orlov rusiyalı məşqçilər haqda açıqlama verib.
Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Orlov, “Sabah”ın baş məşqçisi Murad Musayev və digər rusiyalı mütəxəssislərin bu yaxınlarda “Pro” lisenziyası almasına münasibət bildirib. Hazırda televiziyada şərhçi kimi çalışan keçmiş hücumçu, Rusiyada yüksək səviyyəli cəmi iki məşqçinin olduğunu deyib:
“Bizim məşqçilərimiz zəifdirlər. Ölkədə cəmi iki məşqçi var: Sergey Semak və Valeri Karpin. Digərləri isə mübahisəlidir. Bəzi məşqçilər Premyer Liqa klublarında çalışsalar da, heç bir uğur əldə edə bilmədilər”.
Yanvarın 10-da Vasili – Aleksey Berezutski qardaşları, Spartak Qoqniyev, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Sergey Kornilenko, Oleq Yarovinski və Murad Musayev “Pro” kateqoriyalı məşqçilik lisenziyası alıblar.