Amerikalı Camal Hill yarım ağır çəkidə “Ultimate Fighting Championship”də (UFC – Mütləq Döyüş Çempionatı) çempionluq uğrunda mübarizədə braziliyalı Qlover Teyşeyranı məğlub edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı hakimlərin yekdil qərarı ilə qalib gəlib. 31 yaşlı Hill ilk dəfə yarım ağır çəkili UFC çempionu olub.
Əvvəllər bu çəki dərəcəsində kəmərin sahibi çexiyalı İrja Proxazka olub, o, sonradan zədələnib və tituldan könüllü olaraq imtina edib. 11 dekabr 2022-ci ildə rusiyalı Maqomed Ankalayev və polyak Yan Blaxoviç UFC-nin yarım ağır çəkidə çempionluq kəməri uğrunda üz-üzə gəliblər. Onların döyüşü heç-heçə ilə başa çatıb və kəmər boş qalıb.