“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Kəpəz”lə Azərbaycan Premyer Liqasının 19-cu tur oyunundan sonra (2:2) fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, baş məşqçi mətbuat konfransında komandasının heyətinin geniş olmasını istədiyini deyib:
“Komandamızda heyətin geniş olmasını istəyirəm. Amma transfer məsələsində heç bir yenilik yoxdur.
Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik. “Kəpəz” də yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyun istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Ancaq xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə hər iki komandaya alqış düşür”.