UEFA AÇ ilə bağlı ideyadan imtina edib

19:23 25 Yanvar 2023

UEFA milli komandalar arasında keçirilən turnirlərlə bağlı islahat aparacaq.

 

Sportarena.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində qurumun İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda Avropa yarışlarında islahatlarla bağlı bir neçə məsələ müzakirə ediləcək.

 

Birincisi, dünya çempionatı üçün yeni seçim sistemidir. 2026-cı ildən mundialda 16-sı Avropadan olmaqla 48 komanda iştirak edəcək. Bununla bağlı UEFA seçmə mərhələnin formatını dəyişməyi planlaşdırır.

 

Seçmə mərhələdə 4 və ya 5 komandadan ibarət 12 qrup yaradıla bilər. Bu sistemlə qruplarda birinci yeri tutan komandalar dünya çempionatına birbaşa vəsiqə qazanacaq, qalan 4 yer isə pley-off oyunlarından sonra müəyyənləşəcək.

 

Bu, nəzərdən keçirilən yeganə variant deyil, lakin hansısa dəyişiklik matçların sayının azaldılmasını nəzərdə tutacaq.

 

UEFA Millətlər Liqasının formatında dəyişiklik etməyi də nəzərdən keçirəcək. Əvvəllər A Liqasının qruplarında birinci yeri tutan komandalar “Dördlər finalı”na vəsiqə əldə edirdisə, indi ikinci yeri tutan komandaların da iştirak edəcəyi pley-off mərhələsi yarana bilər.

 

UEFA Avropa çempionatını 32 komandaya qədər genişləndirməkdən imtina edib. Yeni formatın 2028-ci ildən tətbiqi planlaşdırılırdı, amma UEFA bu ideyanı qəbul etməyib. Belə bir formatın turnirin əhəmiyyətini və nüfuzunu aşağı salacağı düşünülür.


Digər xəbərlər

Xəbər xətti