"Ancelkoviç gedişinin səbəbini özü yaxşı bilir".
Sportarena.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, serbiyalı müdafiəçinin ölkəsindəki problemlər ailəsinə, valideynlərinə mənfi təsir edirdi:
"Psixoloji cəhətdən əziyyət çəkirdi. Oturub danışdıq və yollarımızı ayırdıq".
Ukraynanın "Dinamo" (Kiyev) klubundan Vladislav Kulaçın transferinə də toxunan Sadıqov onu "Qarabağ"ın heyətində "Vorskla"ya qarşı keçirdiyi matçlardan yaxşı tanıdığını söyləyib:
"Kulaçla meydanda qarşılaşmışam. Belə futbolçuları analiz etmək daha asan olur. "Vorskla"dan mənə tanış idi. Sonra Kiyev "Dinamo"suna keçdi. Bizə təklif olundu, dərhal qəbul etdim. Sabah daha bir transferimizi açıqlayacağıq. Əlavə 2-3 oyunçu ilə də danışıqlar gedir".
"Sumqayıt"la oyunu da dəyərləndirən mütəxəssis matçın "Zirə" üçün çətin başladığını vurğulayıb:
"İlk dəqiqələrdə qapımızda qol gördük. Buna baxmayaraq, futbolçular nizam-intizamını pozmadılar. İlk yarıda oyunumuzda dəqiqlik çatmasa da, ikinci yarıda istədiklərimizi edib vacib 3 xal qazandıq. Bütün futbolçular meydanda özlərini yaxşı tərəfdən göstərdilər".