Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Liqa təmsilçisi Türkiyənin “Başakşəhər” klubunun və Burundi yığmasının yarımmüdafiəçisi Yussuf Ndayişimiyeni transfer edib.
24 yaşlı futbolçu yeni komandasında 55 nömrəli formanı geyinəcək. Amma onunla müqavilənin müddəti və transferin digər detalları açıqlanmayıb.
Ndayişimiye 2021-ci ildən formasını geyindiyi “Başakşəhər”də 74 oyuna 8 qol vurub. O, daha öncə Türkiyədə “Yeni Malatyaspor”un da uğurları üçün çalışıb, Burundi millisində isə 17 oyunaçıxıb, 1 qola imza atıb.
“Başakşəhər” mərkəz müdafiəçisi Frensis Nzabanı da Gürcüstanın “Dinamo” (Tiflis) klubuna icarəyə verib. Konqodan olan 20 yaşlı futbolçunun 2023-cü ilin 31 dekabrına qədər icarədə oynayacağı açıqlanıb. Nzaba 2022-ci ilin iyul ayından “Başakşəhər”dədir. Daha çox əvəzedici heyətdə oynayan futbolçu, əsas komandada cəmi 3 oyuna çıxıb. O, Konqo yığmasında da 1 oyun keçirib.
Ndayişimiyeni transfer edən “Nitsa” da hücumameyilli yarımmüdafiəçisi Luka Da Kunyanı İtaliyanın “Komo” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən 400 min avro qazanc əldə edib. Fransadan olan 21 yaşlı futbolçu isə yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi anlaşıb. Da Kunya 2020-ci ilin sentyabrından “Nitsa”da çıxış edirdi. O, bu klubun əsas komandasında 11 oyuna çıxıb.