"Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik" - Murad Musayev

21:39 26 Yanvar 2023

“Qələbəyə görə şadıq. İntizamlı oyun oldu. Matçın məzmununa görə də sevinirik. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.

 

Sportarena.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev evdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Rusiyalı mütəxəssis çempionluq mübarizəsinə bu cür münasibət bildirib:

"Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik".

 

Baş məşqçi “Neftçi” ilə matçın ikinci hissəsində bir neçə qol şanslarını qaçırdıqlarını vurğulayıb:

“Bu, psixologiyadan asılıdır. İkinci hissədə rəqibin cəmi bir, bizim isə daha çox şansımız oldu. Üçüncü qolu da vura bilərdik”.

 

40 yaşlı baş məşqçi bir oyunçu transfer etmək istədiklərini etiraf edib:

"Amma o, komandadakı oyunçulardan yaxşı, eyni zamanda, gələcəyə hesablanmış transfer olmalıdır. Oyunçular bir-birlərini çox yaxşı başa düşürlər. Buna görə də qış fasiləsində transfer düşünmürük”.

 

Musayev Antalya toplanışından razı qaldığını sözlərinə əlavə edib:

“Kifayət qədər vaxtımız olmasa da, yaxşı iş alındı. Əsas cavabları yaya yaxın alacağıq. Çünki hələ yeni ilin ilk oyunudur. Həmişə maksimum nəticə qazanmaq istəmişik. Məni daha çox keyfiyyət narahat edirdi. Pressinq, sürət üzərində işləyərək, daha keyfiyyətli oynamaq mümkündür”.

 

O, komandada icarə əsasında çıxış edən Aleksey Kaşukun gələcək taleyinin maliyyə ilə bağlı olacağını deyib:

“Burada onun üçün hər şey yaxşıdır, karyerasının ən yaxşı dönəmlərini keçirir. Üslubumuz da ona uyğundur. Rəhbərlik bu istiqamətdə çalışır, lakin hələlik heç nə yoxdur. Mən Kaşukun qalmasını istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti