"MMA-da da bayrağımızı yüksəltmək, adımı tarixə yazmaq istəyirəm".
Sportarena.az xəbər verir ki, bunu muay tay üzrə dünya və Avropa çempionu Xəyal Canıyev Bakıda təşkil edilən mətbuat konfransında deyib.
30 yaşlı idmançı fevralın 4-də Rusiyada keçiriləcək RCC Fairfight MMA-dakı ilk döyüşündə Çexiya təmsilçisi Tadeus Rujiçka ilə üz-üzə gələcək.
O, həmin görüşə hazır olduğunu söyləyib:
"Həmişə yaxşı döyüşlərlə ölkəmizi sevindirməyə çalışmışıq. Bu uğurlarda bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Muay tayda əfsanələri məğlub etdik, işimizi bitirdik. Yekaterinburqda MMA-da Rujiçka ilə qarşılaşacağam. Döyüşə hazırlığı Bakıda davam etdirirəm".
Canıyev Azərbaycanın MMA-da yaxşı nəticələrinin olduğunu vurğulayıb:
“Bir neçə idmançımız yaxşı nailiyyətlər əldə edirlər. Yaxın müddətdə uğurlarımız daha da artacaq. Mən də bura keçid etmişəm. Azərbaycanda həvəskar kikboksu yaxşı vəziyyətdə olub. Amma peşəkar kikboks başqa durumdadır, çox zəifdir. Hamımız birləşsək, bu problemi həll etmək olar. Kiməsə kömək olmağa həmişə hazırıq. İnanıram ki, Azərbaycandan da yaxşı idmançılar üzə çıxar. Əsas problem məktəblə bağlıdır. Öz qardaşım mənim müəllimimdir. Buna görə də müəllimlərin nə cür əziyyət çəkdiklərini bilirəm. Məncə, müəllimlərimiz təcrübə üçün başqa ölkələrə getsələr, daha yaxşı olar. Hər idman növünün öz vaxtı var. Demirəm ki, kikboksinq sönüb, ONE FC böyük səviyyədədir. MMA-da da indi güclü döyüşçülərimiz var. Bu növü seçməyimdə məqsədim orada bir nömrə olmaq, Azərbaycan bayrağını dalğalandırmaqdır".
Döyüşçü Rusiya vətəndaşı olsa da, daim Azərbaycan bayrağı ilə gəzdiyini bildirib:
“Dörd yaşımdan Rusiyadayam. Son üç ayda tez-tez Vətənimə gəlirəm. Döyüşlərimdə də həmişə Azərbaycan bayrağı yanımda olub. Azərbaycan vətəndaşlığını almaq istəyərdim. Bu mənim üçün qürur olar. İndi Ukrayna ilə olan məsələlərə görə Rusiya vətəndaşlığından çıxmaq məsələsi çətin görünür. Ancaq qarşıdakı yarışlarda rəsmən Azərbaycanı təmsil etmək istərdim”.
O, MMA-da Həbib Nurməhəmmədovla döyüşmək istədiyini vurğulayıb:
“O, ən çox sevdiyim döyüşçüdür. Həmçinin, Rafael Fiziyev də böyük idmançıdır. İnanmıram ki, yaxın müddətdə kimsə onun səviyyəsinə yüksəlsin. Tofiq Musayev də mənim sevdiyim idmançılardandır. 2-3 döyüş keçirdikdən, təcrübə topladıqdan sonra daha böyük idmançılarla qarşılaşacağam”.