Almaniyanın “Şalke” klubunun sabiq baş məşqçisi Hub Stevens peşəkar karyerasını sonlandırıb.
Sportarena.az “express.de”-yə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bu qərarı səhhətindəki problemlə bağlı qəbul etdiyini bildirib:
“Ölkəmdən təklif almışdım. Amma daha risk etməyəcəm. Bu il 70 yaşım tamam oldu. Özümü yaxşı hiss etməyimə baxmayaraq, bədənim mənə açıq xəbərdarlıq göndərdi. Həkimlər perikardit (ürəyin seroz qişasının və ürək kisəsinin iltihabı) diaqnozu qoydular”.
Hub Stevens məşqçilik karyerasının böyük hissəsini “Şalke”də keçirib. O, 1996-2002, 2011-2012-ci illərdə Bundesliqa təmsilçisini çalışdırıb. 2015-ci ildə klubun rəhbərliyinə daxil olan mütəxəssis iki dəfə baş məşqçinin səlahiyyətlərini icra edib.
O, müxtəlif zamanlarda Almaniyanın “Köln”, “Hamburq”, “Ştutqart”, “Hoffenhaym”, Avstriyanın “Zalsburq” və Yunanıstanın PAOK komandalarının da “sükanı arxasında” olub.