Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun agenti Anton Smirnov oyunşunun "Qarabağ"a keçə biləcəyini istisna etməyib.
Sportarena.az xəbər verir ki, o, "RB Sport" nəşrinə açıqlamasında 32 yaşlı qolkiperin Ağdam klubu ilə yanaşı, İngiltərə Çempionşipdən və Türkiyə Super Liqasından təklif aldığını söyləyib.
O bildirib ki, Leverkuzen təmsilçisinin heyətinə yeni çərçivə qoruyucusu cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib:
"Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var. "Qarabağ"la birbaşa danışıqlar aparmamışıq, amma bu gün "Bayer"in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyi var, kluba rəsmi məktub gəlib. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq. Əks halda, problem də yoxdur. Andrey müqaviləsinin sonunadək "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır".
Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.