"Neftçi"ni Portuqaliyanın "Arouka" klubuna dəyişən nigeriyalı futbolçu Yusuf Laval "ağ-qaralar"la vidalaşıb.
Sportarena.az xəbər verir ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.
Afrikalı vinger azarkeşlərə, klub rəhbərliyinə və sabiq komanda yoldaşlarına minnətdarlığını bildirib:
"Təşəkkürlər, "Neftçi" ailəsi! 30 ay ərzində məni sevgi ilə qarşıladıqları üçün Bakı şəhərinə və bütün azarkeşlərə "çox sağ ol" deyirəm. Klub prezidenti Kamran Quliyevə böyük hörmətim var. Baş məşqçi Laurentsiu Regekampf və onun bütün heyətinə təşəkkür edirəm. Xüsusilə idman direktoru Zaur Əzizov və menecer Qədir Həsənova. Nəhayət, mənimlə işlədiklərinə və böyüməyimə kömək etdiklərinə görə komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. Əminəm ki, tezliklə yenidən görüşəcəyik. Çünki futbol qlobal ailə işidir. Hamınıza təşəkkür edirəm, Allah sizdən razı olsun".
Qeyd edək ki, Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçmişdi. O, yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.