Türkiyə millisinin üzvü “Başakşəhər”lə müqavilə bağladı

18:28 29 Yanvar 2023

“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub ötən ilin dekabrında “Fatih Karagümrük”dən ayrılan və azad agent statusu daşıyan müdafiəçi Caner Erkini heyətinə qatıb.

 

Türkiyə millisinin də üzvü olan 34 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

 

Caner 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçi, İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub. O, karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.

 

“Başakşəhər” fransalı yarımmüdafiəçisi Munir Şuyarı isə “Kasımpaşa”ya icarəyə verib. Fransadan olan 24 yaşlı col cinah vingerinin bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə göndərildiyi açıqlanıb. Fransanın “Lans” klubunun yetirməsi olan Munir “Başakşəhər”ə 2022-ci ilin iyul ayında 1.5 milyon avro qarşılığında transfer olunmuşdu. O, İstanbul təmsilçisində meydana çıxdığı 30 oyunda 2 qol vurub. Daha öncə icarə əsasında Türkiyənin “Yeni Malatyaspor” klubunda da oynamış futbolçu, öz ölkəsində “Dijon”un da formasını geyinib.

 

Caner Erkinin keçmiş klubu “Fatih Karagümrük” də heyətinə yeni futbolçu cəlb edib. Super Liqa təmsilçisi Portuqaliyanın “Braqa” klubundan müdafiəçi Bruno Rodriqesi icarəyə götürüb. Portuqaliyadan olan 21 yaşlı mərkəz müdafiəçisi bu mövsümün sonunadək Türkiyədə forma geyinəcək. “Braqa”nın öz yetirməsi olan müdafiəçi bu klubun əsas komandasında 36 oyuna çıxıb, 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti