Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı hücumçu Şerif Ndiayeni transfer edib.
27 yaşlı forvard Çinin “Şanxay Port” klubundan mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Ndiaye 2022-ci ilin aprel ayında Türkiyənin “Göztəpə” klubundan 1.2 milyon avro qarşılığında “Şanxay Port”a keçmişdi. O, sözügedən komandada meydana çıxdığı 24 oyunda 9 qol vurub. Ndiaye daha öncə “Göztəpə”dən əlavə Belçikanın “Vasland Beveren” və Xorvatiyanın “Qoritsa” klublarının da formasını geyinib.
Adana təmsilçisi Ndiayenin gəlişindən sonra hücumçusu Britt Assombalonqa ilə yollarını ayırıb. Konqolu futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Assombalonqa 2021-ci ilin iyul ayında “Midlsbro”dan azad agent kimi Adana təmsilçisinə keçmişdi. O, bu komandada bütövlükdə 54 oyuna çıxıb, 18 qol vurub.