Britaniyalı jurnalist Pirs Morqan Kriştiano Ronaldonun “Mançester Yunayted”lə bağlı əks-səda doğuran müsahibəsi haqda danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ronaldonun Premyer Liqa klubunda azadlıq istədiyini vurğulayıb:
“Ronaldo “Mançester Yunayted”də azadlıq istəyirdi. Haqlı olaraq hiss edirdi ki, nə klub rəhbərliyi, nə də meneceri ona hörmət edir. Məncə, o, bir-iki il UEFA Çempionlar Liqasında çıxış edən böyük klublarda forma geyinə bilərdi. Lakin Səudiyyə Ərəbistanı klubu ona əsrarəngiz təklif etdi. Bu, onun üçün yeni çağırış idi. Fərqli bölgədə özünü göstərmək baxımından da uğurlu hesab oluna bilər”.
Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.