"Əvvəlki matçlarda bu qədər qol epizodu yaratmağımız yadıma gəlmir. Təəssüf ki, istifadə edə bilmədik. Bəzən yaxşı oynayıb məğlub olursan. Kaş pis oynayıb qalib gələrdik".
Sportarena.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis komandasının yaxşı oyun göstərdiyini bildirib: "Futbolçularımdan razı qaldım. Rəqibdən qat-qat üstün oyun nümayiş etdirdik. Oyunçularımızın əziyyətinə heyfim gəlir. Qarşıda hələ 16 tur var. Düşdüyümüz vəziyyətdən çıxmağa və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq".
Onun sözlərinə görə, komandanın bu məğlubiyyətdən sonra sonuncu pilləyə geriləməsi psixoloji gərginlik yaratmayacaq: "Əksinə, bizi daha motivasiyalı edə, futbolçuları aqressivləşdirə bilər. Məhz bunun sayəsində hazırkı vəziyyətdən çıxa bilərik".
Əhmədov "Kəpəz" azarkeşlərinin "İstefa" şüarları səsləndirməsinə də toxunub: "Heç bir fanat komandasının sonuncu pillədə olmasını istəməz. Mən "Kəpəz"i götürəndə onsuz da axırıncı yerdə idi. Bacardığımız qədər yuxarı sıralara qalxmaq istəyirik. Həyat davam edir. Qarşıda çox oyun var. Azarkeşləri başa düşürəm və bu cür şüarlar səsləndirmələrini normal qarşılayıram. Klubun rəhbərliyi, İdarə Heyəti var. Onlarla söhbət edəcəyəm. Yenə deyirəm, mən "Kəpəz"i VI turda xalsız götürmüşüdüm. Qış fasiləsinə qədər 13 xal topladıq".
Baş məşqçi komandasının bu matçda qələbə üçün əlindən gələni etdiyini vurğulayıb: "Sadəcə, son nöqtəni qoymaq üçün soyuqqanlılıq çatmadı. Tələskənlik sonda məğlubiyyətə gətirdi".
Mütəxəssis bu yaxınlarda karyeralarını başa vuran Əfran İsmayılov və Rauf Əliyev barədə danışmaq istəmədiyini bildirib: "Bu məsələ mənim üçün bağlanıb. Mən də futbolçu olmuşam, çalışmışam ki, komandaya, məşqçilər heyətinə, klub rəhbərliyinə dəyər verim. Oyunçu məşqçinin iradından sonra etdiyi hərəkətə görə üzrxahlıq etmirsə, əvəzedici heyətə göndərdiyimiz halda orada oynamırsa, məşqlərə qatılmırsa, bu barədə danışmağa dəyməz. "Dubl"dan bəzi gəncləri əsas komandaya cəlb etmişik. Ona görə də artıq digər futbolçulara ehtiyac duymuram".
O, qapıçı Mario Mustapiçin çıxışından razı qaldığını gizlətməyib: "Hər üç qolkiperimiz bütün kriteriyaralara cavab verir. Heç birindən narazılığımız yoxdur. Düzdür, son 2 oyunda 3 top buraxmışıq. Amma burada qolkiperi günahlandıra bilmərəm".