Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Gent” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, sözügedən klub Norveç “Stabek”inin gənc hücumçusu Gift Emmanuel Orbanı transfer edib.
Belçikalılar bu transferə görə Norveç klubuna 3.5 milyon avro ödəyiblər. Nigeriyadan olan 20 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Gift Emmanuel Orban 2022-ci ildə “Bizon” klubundan “Stabek”ə keçib. O, bu komandanın heyətində 24 oyuna çıxıb, 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Gent” yarımmüdafiəçisi İbrahim Salahı isə Fransanın “Renn” klubuna satıb. Mərakeş və Belçika vətəndaşlığına malik futbolçu Liqa 1 təmsilçisi ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. Belçika klubunun bu transferdən qazancı açıqlanmır.
Qeyd edək ki, Salah “Gent”in öz yetirməsidir. 21 yaşlı vinger bu komandada 21 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Qarabağ”la “Gent” arasındakı ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə bir həftə sonra Gentdə keçiriləcək.