“Qarabağ”a transferi daha güclü komandaya keçmək üçün yaxşı fürsət kimi görürəm. Bura pula görə gəlməmişəm”.
Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın qış transfer dönəmində heyətinə qatdığı Redon Cica ölkəsi Albaniyanın “Sport Magazine” proqramına açıqlamasında deyib.
Premyer Liqanın XX turunda “Şamaxı” (3:1) ilə görüşün 64-cü dəqiqəsində meydana daxil olaraq Ağdam klubunun heyətində debüt edən 25 yaşlı futbolçu buna görə şad olduğunu bildirib:
“Qarabağ”da debüt etmək çox xoş idi. Kollektivə yaxşı uyğunlaşıram, “Şamaxı” ilə matçda komanda yoldaşlarımla bir-birimizi başa düşürdük. Futbolçulara yaxınlaşmağın çətin olacağını düşünürdüm, amma hamı məni çox yaxşı qarşıladı”.
Albaniya klubu “Tirana”dan transfer edilən Cica baş məşqçi Qurban Qurbanovun ondan çox şey gözlədiyini söyləyib:
“Baş məşqçi ilk gündə mənə dedi ki, sənə inanırıq. Məni izlədiklərini, bacarıqlarımı bəyəndiklərini bildirdi. “Şamaxı” ilə matçda iştirak etdiyim üçün də təbrik etdi”.
O, yaşadığı evlə təlim-məşq bazası arasında 20 dəqiqəlik yol olduğunu əlavə edib:
“Yaşadığım evdən məşq meydançasına maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. İlk həftədə təlim marşrutunu tapmaq üçün GPS-dən istifadə etdim”.
Cica hədəfinin uzun müddət “Qarabağ”ın formasını geyinmiş həmyerlisi Ansi Aqolli kimi klubun tarixinə düşmək olduğunu deyib:
“Ansi Aqolli burada əfsanə idi. Təkcə futbolçu kimi yox, ümumiyyətlə, onu çox sevirdilər. Ümid edirəm ki, bir gün məni də Aqolli kimi sevəcəklər”.
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.