"Çətin oyun alındı, ikili mübarizələr çox oldu. Heç bir komanda güzəştə getmək istəmirdi. Şadam ki, 90 dəqiqə dayanmadan mübarizə apardıq və ikinci hissədə vurduğumuz qollarla vacib qələbə qazandıq".
Sportarena.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, kapitan Elvin Camalovla Amin Seydiyevin fasilədə əvəzlənməsi onların ikinci sarı vərəqəni almamaları üçün atılmış addım idi:
"Qorxdum ki, meydandan qovularlar. Yəni, bu, onların çıxışı ilə bağlı deyildi".
Musayev zədədən sonra sıraya qayıdan Zurab Oçiqava və Namik Ələskərovun durumunu da dəyərləndirib:
"Zurab 6 ay zədə üzündən oynamadı. Təlim-məşq toplanışında yoxlama matçlarında demək olar ki, meydana çıxmadı. 100 faiz hazır olduqdan sonra ona şans verə bilərəm. Amma onun mövqeyində çox güclü rəqabət var. Namikə gəlincə, dekabrda əməliyyat olundu və toplanış vaxtı yoxlama görüşlərində oynamadı. Son həftələrdə əvvəlki Namiki görməyə başlamışam".