"Özümə söz vermişdim ki, hakimlərlə bağlı fikir bildirməyəcəyəm. Amma vaxtı çatıb. Vüqar Həsənli layiqli qələbə qazandı. Əlindən gələnin ən yaxşısını etməyə çalışdı və etdi".
Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis qarşılaşma haqqında çox danışmaq istəmədiyini bildirib:
"Ötən tur Gəncədə "Kəpəz"lə matçda da qapımıza haqsız yerə penalti təyin edildi. Məncə, hakimlər bizə qarşı bir az fərqlidirlər".
Baxşıyev Ruan Renatonun 28-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından da bəhs edib:
"Bugünkü epizoda diqqətli baxmağınızı xahiş edirəm. Hakimin verdiyi qərar oyunçularda qıcıq yaradır. Ona görə daha da diqqətli olmaqlarını istəyərdik. Futbol emosiya oyunudur. Hakimlərin etdiklərini oyunçular hiss edir. Ruan Renatonu sakitləşdirmək çətin idi. Futbolçulara tövsiyə edirəm ki, çox önəm verməsinlər. Çünki, bu birinci dəfə başımıza gəlmir. Komanda olaraq toparlanıb irəli baxmalıyıq".
Baş məşqçi müdafiəçinin klub daxilində cəzalanmayacağını da sözlərinə əlavə edib:
"Haqsız yerə sarı vərəqə veriblərsə, onu necə cəzalandıra bilərik? Hakim bizə qarşı səhv edir, növbəti tur təyinat alırsa, biz niyə futbolçumuzu cəzalandırmalıyıq? Hakimlər komandaya təsir edirlər və mənfi mənada qıcıq verirlər".