Türkiyə yığmasının yarımmüdafiəçisi Tolqa Ciğerci “Ankaragücü” klubundan ayrılıb.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu Almaniyanın “Herta” klubuna transfer olunub.
Bundesliqa təmsilçisi bu transfer üçün Türkiyə klubuna 350 min avro ödəyib. Futbolçu ilə isə 1.5 illik müqavilə imzalanıb.
Tolqa 2022-ci ilin avqustundan “Ankaragücü” klubunun formasını geyinirdi. O, daha öncə Super Liqada “Başakşəhər”, “Qalatasaray”, “Fənərbaxça”nın da formasını geyinib. “Volfsburq”un yetirməsi olan dayaq yarımmüdafiəçisi daha öncə də “Herta”da oynayıb. O, 2013-2016-cı illər aralığında bu komandada 41 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Borussiya” (Mönhenqladbax) klubunun da uğurları üçün çalışıb. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra Türkiyənin əsas millisini seçən Tolqa, “ay-ulduzlular”ın heyətində cəmi 3 matça çıxıb.
“Ankaragücü” hücumçusu Federiko Makedanı da Kiprin APOEL (Nikosiya) klubuna icarəyə verib. İtaliyadan olan 31 yaşlı futbolçu mayın 31-nə kimi icarədə oynayacaq. O, 2022-ci ilin iyul ayından formasını geyindiyi Ankara təmsilçisində 13 oyuna cəmi 1 qol vurub.
“Ankaragücü” heyətinə yeni futbolçu da cəlb edib. Super Liqa klubu Beviç Mussiti-Oko ilə güclənib. 28 yaşlı hücumçu Fransanın “Ayaçço” klubundan transfer olunub. O, Türkiyə klubu ilə 1.5 illik müqavilə bağlayıb. Konqolu forvard “Dünkerk”, “Keviyi Ruan”, “Havr”, “Le Man” kimi klubların da formasını geyinib. O, 2020-ci ilin yayından oynadığı “Ayaçço”da 66 oyuna 11 qol vurub. Futbolçu Konqo yığmasında da 4 oyun keçirib.
“Ayaçço” isə Mussiti-Okonun əvəzində ABŞ-ın “Austin” klubunun seneqallı hücumçusu Mussa Citteni icarəyə götürüb. Seneqaldan olan 23 yaşlı forvardın bu mövsümün sonuna kimi Liqa 1-də forma geyinəcəyi açıqlanıb. 2021-ci ilin iyul ayından “Austin”də oynayan futbolçu bu komandada 33 oyuna 6 qol vurub. O, “Qrenobl” və “Sion” klublarının da uğurları üçün çalışıb.