İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukrayna yığmasının və Kiyev “Dinamo”sunun müdafiəçisi İlya Zabarnını transfer edib.
20 yaşlı futbolçunun transferi üçün “Dinamo”ya 22.7 milyon avro ödənilib. Müdafiəçi ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Zabarnı “Dinamo”nun yetirməsidir. O, klubun əsas komandasında 84 oyuna 1 qol da vurub. Gənc müdafiəçi Ukrayna yığmasında da 24 oyuna çıxıb.
“Bornmut” İtaliyanın “Sassuolo” klubundan Hamed Junior Traoreni də icarəyə götürüb. Fil Dişi Sahilindən olan 22 yaşlı yarımmüdafiəçi bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Sassuolo”nun 2021-ci ilin yayında “Empoli”dən 16 milyon avroya transfer etdiyi futbolçu bu komandada 111 oyuna 18 qol vurub. Yarımmüdafiəçi ölkəsinin milli komandasında da 4 oyuna çıxıb.
“Bornmut” üç futbolçusunu da icarəyə göndərib. Belə ki, Siriki Dembele (26 yaş, yarımmüdafiəçi) “Oser”ə, Qevin Kilkenni (23 yaş, yarımmüdafiəçi) “Çarlton Atletik”ə, Ben Pirson (28 yaşı, yarımmüdafiəçi) isə “Stok Siti”yə icarəyə verilib. Onların ən azı bu mövsümün sonunadək icarədə oynayacağı açıqlanıb.
Hamed Traoreni “Bornmut”a göndərən “Sassuolo” da sol cinah müdafiəçisi Georgios Kiriakopulosu “Bolonya”ya icarəyə verib. Yunanıstandan olan 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Asteras”, “Erqotelis”, “Lamia” klublarında da oynamış futbolçu, Yunanıstan yığmasında 7 oyun keçirib. O, “Sassuolo”da 94 oyuna 2 qol vurub.
Əvəzində “Sassuolo” heyətinə iki yeni futbolçu da cəlb edib. Nadir Zortea “Atalanta”dan, Nedim Bayrami isə “Empoli”dən icarəyə götürülüb.