“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Serbiya millisinin və İtaliyanın “Torino” klubunun yarımmüdafiəçisi Saşa Lukiçi transfer edib.
26 yaşlı futbolçunun transferi 9.1 milyon avroya başa gəlib. Yarımmüdafiəçi yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb.
“Partizan”ın yetirməsi olan Lukiç ölkəsində “Teleoptik”in də formasını geyinib. 2016-cı ildən “Torino”da çıxış edən serb futbolçu bu komandada 168 oyuna 14 qol vurub. 2017/18 mövsümündə “Levante”də də icarədə oynamış futbolçu, Serbiya millisində 35 oyuna 2 qol vurub.
“Fulhem” London “Arsenal”ından Sedrik Soaresi də heyətinə qatıb. O, bu mövsümün sonuna kimi icarəyə götürülüb. “Sportinq”in yetirməsi olan Sedrik, “Akademika”, “Sauthempton”, “İnter” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Arsenal”da olan 31 yaşlı futbolçu “topçular”ın heyətində meydana çıxdığı 59 oyunda 2 qol vurub, Portuqaliya yığmasında isə 11 oyunda 1 qola imza atıb.
“Fulhem” bu mövsümün əvvəlində “Brayton”dan icarəyə götürdüyü Şeyn Daffinin də transfer hüquqlarını alıb. Daffi bu klubla mövsümün sonunadək müqavilə bağlayıb. İrlandiyalı futbolçu peşəkar karyerasına “Everton”da başlayıb. O, “Bernli”, “Skantorp Yunayted”, “Yovil Taun”, “Blekbern” və “Seltik” kimi klubların da formasını geyinib. “Brayton”da 150 oyuna 9 qol vuran futbolçu bu mövsüm “Fulhem”də cəmi 5 matça çıxıb. 31 yaşlı mərkəz müdafiəçisi İrlandiya millisində 55 oyuna 7 qol vurub.
Yeri gəlmişkən, Daffi ilə vidalaşan “Brayton” İsveçin AİK klubunun yarımmüdafiəçisi Yasin Ayari ilə güclənib. Premyer Liqa klubu onun keçidi üçün İsveç təmsilçisinə 4 milyon avro ödəyib. Bu ildən İsveçin əsas millisində də forma geyinən 19 yaşlı yarımmüdafiəçi AİK-də 47 oyuna 5 qol vurub.
“Fulhem” üç futbolçusu ilə də yollarını ayırıb. 28 yaşlı yarımmüdafiəçi Nataniel Çaloba “Vest Bromviç”ə transfer olunub. Coş Onoma da azad agent kimi “Preston”a keçib. Fransadan olan yarımmüdafiəçi Antoni Nokar isə icarə əsasında “Haddersfild”ə üz tutub.