Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkil etdiyi beynəlxalq təlimə 79 cüdo məşqçisi qatılacaq.
Sportaren.az xəbər verir ki, mütəxəssislər Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının 2022-ci il mart ayından başlamış birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı üzrə yekun seminarında imtahan verəcəklər. Təlimlər 6-18 fevralda Bakıda keçiriləcək.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Olimpiya Həmrəyliyi Fondunun maliyyə, Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə icra olunan proqram iştirakçıların sayına görə 2 hissədən ibarət olacaq.
Seminar və imtahan IJF Akademiyasının direktoru Envik Qalea, proqram rəhbəri Dr. Tibor Kozsla, idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçiriləcək. Məşqçilər Akademiyanın mütəxəssislərinin nəzarəti altında ilk bir həftə ərzində cüdo texnikası və fəndləri üzrə bilikləri təkmilləşdirdikdən sonra praktiki imtahan verəcəklər.
IJF Akademiyasının qaydalarına əsasən, yekun seminar və imtahanlar adətən onların öncədən müəyyən etdikləri xarici ölkələrdə keçirilir və ora müxtəlif ölkələri təmsil edən proqram iştirakçıları qatılırlar. Lakin, Azərbaycandan olan iştirakçıların sayının çoxluğu nəzərə alınaraq, Akademiyanın təcrübəsində ilk dəfə olaraq yekun seminar və imtahanın sırf bir ölkəni təmsil edən məşqçilər üçün həmin ölkədə təşkil edilməsinə qərar verilib.
Qeyd edək ki, ACF-in Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı məşqçi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. Məşqçilərin sertifikat proqramında iştirak haqqı ACF tərəfindən qarşılanıb.
Beynəlxalq səviyyəli məşqçilərin yetişdirilməsinə ölkədə olan daxili ehtiyacı nəzərə alaraq, MOK bu kimi kurslara daha müntəzəm və silsilə şəkildə 2016-ci ildən etibarən dəstək olur. Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi ilə təşkil olunan bu kimi kurslar üçün məruzəçi ekspert yalnız müvafiq Beynəlxalq İdman Federasiyası tərəfindən təyin olunur və adıgedən qurumların texniki qaydalarına uyğun təşkil edilir.