Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən "Zaqreb Open"də mübarizəyə başlayacaq.
Sportarena.az xəbər verir ki, yunan-Roma güləşçilərindən 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/4 final mərhələsində Jakopo Sandron (İtaliya) - Şermuhammad Şaribjanov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.
67 kq-dakı Həsrət Cəfərov 1/8 finalda Luis Alberto Sançes (Kuba) - Sinq Karanjit (Hindistan) duelinin güclüsü ilə görüşəcək.
Qadınların yarışında 53 kq-dakı Elnurə Məmmədova Li Denqlə (Çin) münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.