Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin sonuncu günündə Azərbaycanın daha 10 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Sportarena.az xəbər verir ki, 60 kq çəkidə iki güləşçi mübarizə aparacaq.
1/16 finaldan mübarizəyə qoşulacaq Nihat Məmmədli litvalı Custas Petraviçyusla qarşılaşacaq. Cütün qalibi növbəti raundda Murad Məmmədovun rəqibi olacaq.
Ülvü Qənizadə 70 kq-ın 1/16 finalında çexiyalı Yiri Kapeklə üz-üzə gələcək. O qələbə qazansa, 1/8 finalda Mateuş Bernateklə (Polşa) üz-üzə gələcək.
Azərbaycan millisini 82 kq-da təmsil edən Tuncay Vəzirzadə 1/4 finalda çexiyalı İvo Sviqlerlə qarşılaşmaq üçün öncə İran təmsilçisi Peyman Postamı məğlub etməlidir.
97 və 130 kq çəki dərəcələrinin hər birində yığma 3 pəhləvanla təmsil olunacaq. 97 kq-da Zamir Maqomedov və Murat Lokyayev 1/16 finalda müvafiq olaraq Mindauqas Vençkaitis (Litva) və Kiril Milovla (Bolqarıstan) qarşılaşacaqlar. Arif Niftullayev isə 1/8 finalda rəqibini gözləyir. O, Gerard Kurniçzak (Polşa) – Lukas Şeridan (ABŞ) cütünün qalibinə rəqib olacaq.
130 kq çəkidəki güləşçilərdən Sabah Şəriəti 1/8 finala adlamaq üçün italiyalı Danila Sotnikova qalib gəlməlidir. 1/8 finaldan yarışa qoşulacaq Beka Kandelaki İsveçrə təmsilçisi Delian Alişahi ilə görüşəcək. Sərxan Məmmədov isə Dariuş Vitek (Macarıstan) – Linze Menq (Çin) cütünün qalibini gözləyir.
Öncədən sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar. Qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medala yiyələnib. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.