İtaliyanın “Fiorentina” klubu mövsümün əvvəlində “Verona”dan icarəyə götürdüyü Antonin Barakın transfer hüquqlarını da alıb.
Sportarena.az xəbər verir ki, Florensiya təmsilçisi bunun üçün 8,5 milyon avrosundan keçib.
Çexiya milli komandasının üzvü ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Florensiya təmsilçisinə 2022-ci ilin avqust ayında icarə əsasında keçən yarımmüdafiəçi bu komandada 23 oyuna 5 qol vurub. 28 yaşlı Barak karyerası ərzində “Pribram”, “Vlaşim”, “Slaviya” (Praqa), “Udineze”, “Leççe” və “Verona” kimi klublarda oynayıb, Çexiya millisində 35 oyunda 8 qol vurub.
“Fiorentina” yarımmüdafiəçisi Abdelhamid Sabirini isə “Sampdoriya”ya icarəyə verib. 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, cari mövsümün əvvəlində məhz “Sampdoriya”dan 2,5 milyon avroya keçdiyi Florensiya təmsilçisində rəsmi matça çıxmayıb. Yarımmüdafiəçi “Sampdoriya”da keçirdiyi 30 oyunda 5 qola imza atıb. Mərakeşli futbolçu daha öncə “Askoli”, “Sportfrunde”, “Paderborn”, “Nürnberq”, “Haddersfild” və “Darmştadt”da oynayıb, Mərakeş yığmasında 7 matçda 1 qol vurub.
Barakı Florensiya klubuna satan “Verona” da digər yarımmüfafiəçisi İvan İliçi “Torino”ya icarəyə verib. Serbiyadan ollan 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə Turin klubuna keçib. Daha öncə “Srvena Zvezda”, “Zemun”, “NAK Breda” kimi klublarda oynamış futbolçu, “Verona”da 76 oyuna 5 qol vurub, Serbiya yığmasında 7 matça çıxıb.
“Verona” heyətinə iki yeni futbolçu da cəlb edib. A Seriyası təmsilçisi Rusiyanın ÇSKA (Moskva) klubundan Adolfo Qayçı, Şotlandiyanın “Seltik” komandasından isə Oliver Abildqoru icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb.