"Qurban Qurbanovun məşqçiliyi mənim üçün kitabdır" - Rəşad Sadıqov

19:09 5 Fevral 2023

“Bəzən oyunu şərh etmək üçün insan çətinlik çəkir. İlk dəqiqələrdə qol buraxsaq da, tez toparlandıq. Qol epizodlarımız, dirəyə dəyən topumuz oldu. Qələbə qazanmaq istəyirdik. Oyundan çox razıyam. Komandam son 3 turdur yaxşı oynayır. 90 dəqiqə ərzində yol verdiyimiz bəzi kobud epizodları aradan qaldırsaq, daha da yaxşı olacaq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə oyundan (2:2) sonra deyib.

 

Xal itkisinə baxmayaraq, Sadıqov görüşdən sonra komandasını təbrik etdiyini bildirib:

“Komandamı təbrik etdim. Etməsəm, ədalətsizlik olardı”.

 

Mütəxəssis qələbə qazanmaq üçün hansı komponentlərin çatışmaması barədə sualı belə cavablandırıb:

“Hər bir komandanın heyətində yaxşı futbolçular olur. Komponentlər üzərində bəzi məqamları artırmalıyıq. Son oyunlarda qələbə qazana bilərdik. Bəzi məqamlar çatışmırdı. Bu gün penaltidən yararlana bilmədik. Qırılma hadisələri çox baş verir. Daha çox qol vura bilərik, daha çox qələbə qazana bilərik. Mən “Qarabağ”da oynayanda da belə hadisələr çox olurdu. Qurban müəllimin məşqçiliyi mənim üçün kitabdır. Məşqçi karyeramı onun məşqçilik karyerasına bənzədirəm. Komandam düzgün yoldadır. Sadəcə inkişaf etmək lazımdır”.

 

“Zirə”nin çalışdırıcısı hakimlərin idarəçiliyindən narazı qalmayıb:

“Bu oyunda ciddi, qaranlıq qalan epizod olmadı. Hakimlər görüşü çox yaxşı idarə etdilər. Bu, futboldur. Hakimlərdə də, VAR-da da, elə bizim özümüzdə də səhvlər ola bilər”.

R.Sadıqov Hacıağa Hacılının əvəzlənməsinə belə aydınlıq gətirib: “Hacı elə futbolçudur ki, ona xəbərdarlıq edirəm ki, sarı vərəqə alırsansa, əvəzlənəcəksən. İkinci hissə üstünlük bizim tərəfimizdə idi. Onu ona görə əvəzlədim ki, üstünlüyü qoruyub saxlaya bilək. “Qəbələ” də yaxşı çıxış etdi. Elmar müəllim mübariz komanda formalaşdırıb”.

 

Baş məşqçi sonda Təmkin Xəlilzadənin qış fasiləsində oyununa görə deyil, futboldan kənar amillərə görə komandadan göndərilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib:

“Təmkin Xəlilzadə ilə bağlı olan məsələ futboldan kənar deyil idi. Ona karyerasında uğurlar arzu edirəm”.


Digər xəbərlər

Xəbər xətti