“Bu məğlubiyyətin əvəzini Sumqayıtdakı oyunda çıxmağa çalışacağıq”.
Sportarena.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qalıb:
“Yaxşı oynadıq. Get-gedə daha yaxşı olacağıq. Həddən artıq çox mövqe dəyişiklikləri olsa da, futbolçular bunun öhdəsindən gəldilər. Hər iki hissədə komanda olaraq bu gün biz daha yaxşı idik. Hətta qollar da vura bilərdik. Nəzərə alaq ki, artıq neçənci matçdır ki, mərkəz müdafiəçisiz oynayırıq”.
Baş məşqçi matçın hakimliyindən narazılığını ifadə edib:
“Fikrimcə, rəqibin ikinci qolu zamanı foul var idi. Amma əmin deyiləm. Birinci qol epizodu da “Neftçi”nin qapısı qarşısında yaransaydı, bəlkə də, hesaba alınmazdı, VAR-a saatlarla baxılardı. Hətta düşünürəm ki, “Neftçi”nin bir-iki oyunçusu ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi”.