Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində keçirilən yeniyetmə və gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıblar.
Sportarena.az xəbər verir ki, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürünc medaldır.
Aysu Əliyeva (59 kq) 16-17 yaşlı qız, Fərid Savadov (55 kq) oğlanlar, Əminağa Quliyev isə (60 kq) 21 yaşadək gənclər arasında Avropa çempionu adını qazanıb.
Gülay Orucova 14-15 yaşlı yeniyetmələrin mübarizəsində gümüş, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala yiyələnib.
Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını qazana bilməyib.
Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi mübarizə aparıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib.