Türkiyənin “Beşiktaş” klubunun keçmiş hücumçusu Daniel Pankunun 2005-ci ildə “Fənərbağça” ilə oyunda geyindiyi əlcəklər auksionda satılaraq zəlzələdən əziyyət çəkənlər üçün ianə edilib.
Sportarena.az xəbər verir ki, 18 il əvvəlki görüşdə Oskar Kordoba qırmızı vərəqə aldığından, çərçivəyə keçən forvardın həmin oyunda geyindiyi qapıçı əlcəklərini “Beşiktaş” rəsmisi Emre Kocadağ alıb.
Kocadağ bunun üçün 500 min lirə xərc çəkib. Əldə olunan məbləğ zəlzələ bölgəsinə göndəriləcək. Əlcəklər isə “Beşiktaş”ın muzeyində sərgilənəcək.
2005-ci ildə “Fənərbağça”nın meydanında keçirilən oyunda “Beşiktaş” 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.