“Qol epizodlarını dəyərləndirməkdə əziyyət çəkdik. Buna görə də görüş heç-heçə yekunlaşdı”.
Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi” ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis komandasının çıxışından razılıq bildirib:
“Heyətdə həftə ərzində kollektivlə birgə məşq etməyən futbolçular var idi. Onların durumu da qeyri-müəyyən idi. İsnik Alimi məşq prosesində iştirak etməsə də, oyunda meydanda oldu və komandaya öz faydasını verdi. Futbolçulardan razı qaldım, istədiyimi tam şəkildə ortaya qoyurdular. Komanda oyun ərzində 6-7 qol epizoduna girirsə, hansı iradı bildirə bilərəm? Ümumi istədiyimi meydançada görürəm. Düşünülmüş kombinasiyalardan istifadə edirik. Sadəcə, reallaşdırmanın qaydasında olmaması nəticəyə də təsir göstərir”.
Baxşıyev həmkarı Laurentsiu Regekampfdan fərqli olaraq, hakim idarəçiliyindən razı qalıb. O, rəqibin qapısına təyin olunan, lakin VAR-a baxdıqdan sonra ləğv edilən penalti epizodunu da dəyərləndirib:
“Hakimi müzakirə etmək üçün heç epizod da olmadı. Məncə, normal idarəçilik oldu. Penalti epizoduna dəqiq baxmamışam. Telefonda baxırdıq. Gördüyüm qədərilə təmas yox idi, hakimlər düz qərar verdilər”.
Baş məşqçi braziliyalı hücumçu Ramon Maçadonu ehtiyatda saxlamalarının səbəbini də izah edib:
“Ramon Maçado “Kəpəz”lə oyunda aldığı zədədən sonra tam özünə gəlməyib. Hələ ağrıları olduğu üçün ehtiyatla yanaşdıq”.
Mütəxəssis yeni transfer Əyyub Allaşı hələ məşqlərdə görmədiyini vurğulayıb:
“Yeni transferimizi hələ görməmişəm. Bizə qoşulandan sağlamlığı qaydasında deyil. Üç gün hərarəti oldu. Nə vaxt tam sağalacaq, komanda o vaxt Allaşı görə biləcək”.