"Yarış mənim üçün uğurlu keçmədi" - Ölkə çempionu

11:42 15 Fevral 2023

“Əslində yarış mənim üçün uğurlu keçmədi. Sonda çempionluq qazansam da, tam ürəyimcə olmadı”.

 

Sportrarena.az xəbər verir ki, bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi olan Gövhər Beydullayeva federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

 

20 yaşlı qrossmeyster birinci yeri tutduğu Azərbaycan çempionatının səviyyəsini yüksək qiymətləndirib:

“Ölkə çempionatı güclü yarış idi. Turnirdə iştirak edən altı qrossmeyster, o cümlədən gənc şahmatçılar inamlı mübarizə nümayiş etdirdilər. Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim. Dostlarım da dəstək verdilər. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldu. Aydın yazmışdı ki, sən bunu bacaracaqsan. Hər ikisinə təşəkkür edirəm”.

 

Ardıcıl iki dəfə bu titula yiyələnən Beydullayeva bu yarışlar arasında müqayisə aparıb:

“Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindir. Bəlkə də, builki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı”.

 

O, çempionatda üz-üzə gəldiyi rəqiblərin güclü şahmatçılar olduğunu sözlərinə əlavə edib:

“Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdilər. Gülnar Məmmədova, Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar”.

 

Şahmatçı rəqibləri arasında onu ən çox Nərmin Abdinovanın təəccübləndiyini deyib:

“Yaxşı şahmatçı olduğunu bilirdim. Amma çempionatda kifayət qədər maraqlı oyun göstərdi. Onunla görüşdə qalib gəlməyimə baxmayaraq, çox çətinlik çəkdim. Sanki mənim uşaqlıqda oynadığım kimi mübarizə aparırdı”.

 

Martda keçiriləcək şəxsi Avropa çempionatına qatılacaq Gövhər Beydullayeva mükafatçılar sırasına düşməyi hədəfləyir:

“Avropa çempionatında həm də Dünya Kubokuna vəsiqə qazanmaq uğrunda mübarizə olacaq. Amma Dünya Kubokunda iştirakım dəqiqləşib. 20 yaşadək şahmatçıların dünya çempionatında qələbə qazanmaqla Dünya Kubokuna vəsiqə qazanmışam. Ölkə çempionatında 2400 reytinqimi keçə bilmədim. Avropa çempionatında çalışacağam ki, reytinqimi artırım və mükafatçılar sırasında yer alım”.

 

2022-ci ilin oktyabrında İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək qızlar arasında dünya çempionatında birinci yeri tutan qrossmeyster həmin turnirin onun həyatında ciddi dəyişikliyə səbəb olmadığını vurğulayıb:

“Bu qədər diqqət olacağını gözləmirdim. Bakıya qayıtdıqdan sonra bir həftə, demək olar ki, bütün televiziya kanallarında qonaq oldum. Mənə göstərilən diqqətə görə hamıya təşəkkür edirəm. Ciddi dəyişiklik olduğunu deməzdim. Sadəcə, bəzən küçədə tanıyırlar, şəkil çəkdirirlər”.


Digər xəbərlər

Xəbər xətti