İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Erlinq Haland klub rekordunu təkrarlayıb.
Sportarena.az xəbər verir ki, norveçli hücumçu Premyer Liqanın XII turundan təxirə salınmış oyunda “Arsenal”ın qapısına qol vurmaqla “şəhərlilər”in əfsanəvi forvardı Serxio Aqueronun göstəricisini təkrarlayıb.
Haland cari mövsümdə ölkə çempionatında qollarının sayını 26-ya çatdıraraq buna nail olub. İndiyə qədər rekord 2014/2015 mövsümünü 26 qolla tamamlayan Aqueroya məxsus idi. Erlinq Haland daha bir dəfə fərqlənərsə, “Mançester Siti”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu rekordunu yeniləyəcək. Gənc forvardın bunu reallaşdırmaq üçün qarşıdakı 15 matçı var.
Qeyd edək ki, “Mançester Siti”nin “Arsenal”ı səfərdə 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada son nöqtəni Haland qoyub.