Barəsində həbs qərarı verilən şahmatçı İrana qayıtmaqdan imtina edib

14:36 16 Fevral 2023

İranlı şahmatçı Sarasadat Xademəlşəriyə Qazaxıstanda keçirilən dünya çempionatına hicabsız qatıldığı üçün barəsində həbs qərarı verilib.

 

Sportarena.az “radiofarda.com”a istinadən xəbər verir ki, 26 yaşlı qrossmeyster bu səbəbdən İspaniyaya mühacirət edib.

 

Bu addımı ilə İrandakı hazırkı etiraz hərəkatını dəstəkləyən Xademəlşəriyə “Reuters”ə müsahibəsində belə bir cəzanın veriləcəyini gözlədiyini deyib: “Biz şahmatçılar həmişə növbəti gedişin nə olacağını təxmin etməliyik”.

 

Xademəlşəriyənin sözlərinə görə, İran hakimiyyəti ölkəyə qayıtmaq icazəsi müqabilində ondan hərəkətinə görə peşman olduğunu ifadə edən video dərc etməyi istəyib. Ancaq şahmatçı atdığı addımdan peşman olmadığını vurğulayıb: “Hicabın açılması İranda bu hərəkatın simvollarından birinə çevrildi və mən də nəhayət, sevdiyim işlə məşğul olmağa, özüm olmağa qərar verdim”.

 

Qeyd edək ki, İran yığmasının heyətində dəfələrlə Şahmat Olimpiadasında iştirak edən Sarasadat Xademəlşəriyə 12 və 16 yaşadək qızlar arasında dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti