"Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün Konfrans Liqasının pley-off mərhələsinin "Gent"ə qarşı keçiriləcək matçından öncə klubun rəsmi saytına danışıb.
Sportarena.az xəbər verir ki, o, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib:
"Əvvəlcə qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı türk xalqına başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm. Hadisənin ilk dəqiqələrindən etibarən başda Azərbaycan prezidenti Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi. Maddi durumundan asılı olmayaraq hər kəs hər hansı bir şəkildə yardım etməyə çalışdı. Yardım kampaniyalarından olan görüntüləri izlədikcə həm duyğulandım, həm də qürur hissi keçirdim. Böyük məmuniyətlə, Cənab prezidentin bu çağırışına biz də “Azersun Holdinq” olaraq qoşulduq. Bunun qürurunu yaşayırıq".
Tahir Gözəl Ağdam təmsilçisinin "Gent"lə matçda uğur qazanaraq azarkeşləri sevindirəcəyinə inandığını dilə gətirib:
"Başda Prezidentimiz olmaqla bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha göstərdik. Hər zaman Türkiyənin yanındayıq. Təəssüf ki, oyunumuz belə ağır günlərə təsadüf edir. Bu gün oyundan əvvəl zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Əminəm ki, azarkeşlərimiz də qardaş ölkəni unutmayacaq, onlara 90 dəqiqə ərzində dəstək olacaqlar. Oyuna gəlincə, mən komandama inanıram. İnanıram ki, çətin günlərimizdə xalqımıza təssəlli olan “Qarabağ” bu gün də öz oyunu və qələbəsi ilə az da olsa azarkeşlərimizi sevindirəcək".