PSJ rəhbərliyi baş məşqçi Kristof Qaltenin rəhbərliyi altında komandanın son nəticələrindən narazıdır.
Parislilər bir həftə ərzində ardıcıl üç məğlubiyyət alıblar: Fransa kubokunun 1/8 finalında “Marsel”dən (1:2), Liqa 1-də “Monako”dan (1:3) və Çempionlar Liqasında “Bayern”dən (0:1).
Sportarena.az “Le Parisien”-ə istinadən xəbər verir ki, bu məğlubiyyət seriyası Qaltenin baş məşqçi postundakı mövqeyini zəiflədib. Ardıcıl dördüncü məğlubiyyət PSJ-nin sahibləri üçün problem olacaq. Rəhbərlik növbəti iki matçın nəticələrini diqqətlə izləyəcək: Liqa 1-də “Lill” və “Marsel”lə oyunları.
PSJ-nin rəhbərləri təkcə nəticələrdən deyil, həm də, komandanın oyunundan narazıdırlar. Xüsusilə, Çempionlar Liqasında “Bayern”lə matçın ilk yarısından.
Klubun sahibləri fransalı mütəxəssis Zinəddin Zidanın PSJ-yə baş məşqçi gəlməsini arzulayır. Artıq il yarımdır ki, tərəflər əlaqə saxlasalar da, Zidan Fransa yığmasında işləməyə üstünlük verir. Didye Deşamın Fransa millisi ilə müqaviləsinin uzadılması halında vəziyyət dəyişə bilər.