“Kəpəz” Premyer Liqanın 23-cü turunun oyununda doğma meydanda “Şamaxı”ya qalib gəlib.
Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov 3:2 hesabı ilə başa çatan matçdan sonra fikirlərini bildirib:
“Yaxşı mübarizəli futbol gördük, oyun dramatik alındı. Bəlkə də, ilk dəfə idi ki, bu qədər həyəcan keçirirdim. Futbolçulara demişdim ki, gözəl futbol istəmirəm, qələbə qazanmaq lazımdır. Bu oyun bizə ümid verdi. Futbolçularıma təşəkkür edirəm.
Son matçlarda baş verənlər bizi məcbur etdi ki, sırf nəticə üçün oynayaq. “Qarabağ”ın dünənki oyunundan sonra futbolçularımız zarafatla deyir ki, biz “Gent”dən güclüyük, “Qarabağ”dan xal almışıq. Bunları nəzərə alaraq tapşırıq verdim ki, nəticə üçün oynayın. Gözəl oyuna heç kim qiymət vermir.
Mən bu kluba gələn gündən söz-söhbətlər var. Bu mövzuya qayıtmaq istəmirəm. “Səbail”i burda udanda, “Qarabağ”la heç-heçə edəndə də məni istefaya səsləyirdilər. May ayına kimi müqaviləm var. Premyer Liqada qalacağıq, ondan sonra oturub söhbət edərik. Hər zaman təzyiqə məruz qalmışam. Bu, hər zaman olacaq. Hamı məni sevə və ya nifrət edə bilməz. İstəyirəm ki, hamı “Kəpəz”in ətrafında birləşsin. Premyer Liqada qalaq, ondan sonra kimi istəsələr, gətirsinlər. Heç bir komandadan zəif oynamırıq. “Kəpəz”in, “Neftçi”nin böyük tarixi var. Bu klubların tarixi mənim üçün önəmlidir. Mənimlə kiminsə ədavəti varsa, evimin qapısı hamının üzünə açıqdır. Evim şəhərin mərkəzindədir. Şəxsi münasibət kənarda qalmalı, hamı “Kəpəz”in ətrafında birləşməlidir. Daha yaxşı nəticələr istəyirəm, ona görə də, işimi davam etdirəcəm”.