“Sauthempton” klubunun baş məşqçisi Ruben Selles İngiltərə mətbuatına açıqlama verib.
Sportarena.az xəbər verir ki, o, hazırkı səviyyəyə çatmasında rolu olan mütəxəssislər barədə danışıb:
“Dünyada Ralf Hasenhüttll kimi məşhur, həmçinin Qurban Qurbanov və Yess Torup kimi nisbətən az tanınan mütəxəssislərlə işləməyim mənə böyük təcrübə qazandırıb. Onlardan çox şey öyrənmişəm”.
İspaniyalı mütəxəssis Rafael Beniteslə hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanovu fərqləndirib:
“Valensiyada böyümüşəm, ona görə də, Rafael Benites həmişə mənim üçün nümunə olub. Universitetdə oxuyanda onun məşqlərinə baxırdım. Daha sonra Azərbaycanda birlikdə işlədiyim baş məşqçilər, xüsusilə də, Qurbanovun işimə böyük təsiri oldu. Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu, Azərbaycan futbolunun tarixində ilk idi. Həqiqətən də, 4-3-3 taktiki sxemi ilə oynayan komandada işləmək məni rəqabətli olmağa məcbur etdi”.
Qeyd edək ki, Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini icra edib.