"Qəbələdən məğlubiyyətlə getmək üzücüdür" - Samir Abasov

18:32 18 Fevral 2023

"Buradan məğlubiyyətlə getmək üzücüdür".

 

Sportarena.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

 

45 yaşlı mütəxəssis bildirib ki, matçın qırılma nöqtəsi buraxılan ikinci qol olub:

"İlk qoldan sonra futbolçularda ümid var idi. Paltardəyişmə otağından çıxanda özümüzü yaxşı motivasiya etmişdik. Qol vurduq, amma gec oldu. Təəssüf ki, ikinci qol komandanı sındırdı".

 

O, görüşün ağır keçdiyini söyləyib:

"Qəbələdə oynamaq o qədər də asan deyil. Futbolçular yüksəklikdə oynamağın çətinliyini hiss etdilər. Buna baxmayaraq birinci hissədə oyun bizim nəzarətimiz altında idi. İki topumuz dirəkdən qayıtdı. Rəqibin isə cəmi bir zərbəsi var idi, o da qolla nəticələndi. Həmin qolda da şübhələr var. Baxıb sonra deyəcəyik".

 

Abasov məğlubiyyətə görə məyus olduqlarını vurğulayıb:

"Buradan xalla dönə bilərdik. Amma bu, futboldur. Bir məğlubiyyət bizi lap aşağı sıralara ata bilər. Növbəti tur evdə "Kəpəz"lə oyunumuz var. Həmin matç bundan da çətin olacaq, daha çox güc sərf etməliyik".


Digər xəbərlər

Xəbər xətti